Awesome Image

17 aprel Ümumdünya Hemofiliya Günüdür.

17 Aprel 2023

Dünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə aprelin 17-si "Ümumdünya Hemofiliya Günü” elan edilib. Qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliya X xromosomunda cəmi bir genin konfiqurasiyasının dəyişməsi səbəbindən yaranır. Xəstəliyin simptomları demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt körpənin həyatının 4-5-ci gününə qədər özünü göstərir. Bu gün hemofiliyanın müalicəsi yoxdur, lakin pasiyentin orqanizmində çatışmayan qanın laxtalanması amilinin inyeksiya edilməsi yolu ilə bu xəstəliyin gedişinə tamamilə və uğurlu şəkildə nəzarət edilir. Bu məqsədlə istifadə edilən laxtalanma amili əksər hallarda donor qanından götürülür. “Ümumdünya Hemofiliya Günü” ilə bağlı Səhiyyə Nazirliyinin “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” PHŞ-da qanvermə aksiyası keçirilib. “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş tibb briqadasının həkim-hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq. Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.